ÖVSAFÜL-ƏŞRAF
   

ŞƏRAFƏTLİ İNSANLARIN XÜSUSİYYƏT

ÖVSAFÜL-ƏŞRAF ŞƏRAFƏTLİ İNSANLARIN XÜSUSİYYƏT
XACƏ NƏSİRƏDDİN TUSİ
Tərcümə, çıxarışlar, qeyd və şərhlər Füzuli Şəfiyevin
Entesharate Darul-huda
Ölkəmizin İran İslam Respublikasındakı səfiri, təcrübəli diplomat, görkəmli şərqşünas alim Abbasəli Həsənov cənablarına kitabın tərcüməsində verdiyi dəyərli məsləhətlərə görə öz minnətdarlığımızı bildiririk.
Məşhur həkim, xeyriyyəçi insan professor Hüseynəli İsmayılova kitabın nəşr olunmasında göstərdiyi maddi yardımlara görə təşəkkür edirik.


Giriş

Giriş Uzun illər boyu “Övsafül-Əşraf” kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır. Tərcümədə XІІІ əsr nəsr nümunəsi olan “Övsafül-Əşraf” əsərinin özünəməxsus “ruhu və koloriti” mümkün qədər qorunub saxlanılmış, bu məqsədlə müəllifin öz orjinal üslubuna xələl gəlməsin deyə, bə`zi ifadə və terminlər olduğu kimi verilmiş, mətndə fikri tamamlamağa ehtiyac duyulan yerlərdə isə böyük mö`tərizələr daxilində tamamlayıcı tərkiblərdən istifadə edilmişdir. Əlavə olaraq bə`zi söz və ifadələrin kənarına açıqlama və tərcümə xarakteri daşıyan, kiçik mö`tərizələr daxilində isə qeydlər artırılmışdır. Məsləhət görülən bə`zi ifadə və terminlərin izahı, həmçinin çıxarışlar mətnin altında verilmişdir. Qeyd etmək lazımdır ki, bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulub.
Kitabın əsas hissəsini təşkil edən elmi, əxlaqi, irfani və fəlsəfi məfhumların izah və açıqlamaya ehtiyacı var.
Bu kitabdan tam yararlanmaq üçün onun mə`na və məzmununa əhatəli şəkildə varid olan müəllimə (əxlaq ustadı) ehtiyac var.
Kitabın klassik Azərbaycan nəsrinə məxsus bir üslubda tərcümə olunması mütərcimin zəifliyini yox, onun bu sahədə xüsusi iste`dad və bacarığa malik olduğunu göstərir. Müasir dilçilik sahəsində kifayət qədər mə`lumat və təcrübəsi olan qələm sahibi üçün klassik üslubda tərcümə və digər yaradıcılıq işinin nə qədər çətin olmasını ədəbiyyatşünaslar çox gözəl başa düşürlər. Klassik üslubun dirçəldilməsi, müasir oxucuların izafi tərkibli yazı formaları ilə tanışlığı müxtəlif sahələrdə yazılmış, arxivlərdə və kitabxanalarda saxlanılan zəngin ədəbi irsimizin orjinal nüsxələrdən oxunmasına da şərait yaradır. Belə bir əsərin dilimizə çevrilərək, həqiqət axtarışında olan müdrik oxuculara təqdim edilməsi bir neçə cəhətdən təqdirəlayiqdir:
Birincisi, sələflərimizin gənc nəslə tanıtdırılması, dahi şəxsiyyətlərimizin müasir cəmiyyətimizə yeni təqdimatı günümüzün ən zəruri məsələlərindəndir.
İkincisi, özünəməxsus ideoloji donuqluğa məxsus olan sovetlər rejimini yaşamış ölkəmizdə korifeylərin qiymətli əsərlərinin yenidən işlənib hazırlanması da öz zəngin elmi-mə`nəvi irsimizə qovuşmaq hesab olunur. Üçüncüsü, müxtəlif əqidə və fikirlərin xalqımızın üzərinə hücuma keçdiyi bir dövrdə öz əsilliyimizi qorumamızda, mürtəce məzhəblərin bütün inanclarımızı sual altına aldığı bir şəraitdə öz ayinlərimizi yaşatmamızda bu kimi əsərlərin faydası danılmazdır. Dördüncüsü, öz kökündən ayrı salınmış bir xalqın məqsədyönlü şəkildə cılızlaşdırıldığı bir dönəmdə, özü üçün əcnəbi örnək axtaran böhranlı bir cəmiyyətə onun bəşəriyyət üçün nümunə ola biləcək xacələrini həyata qaytarmaq ən böyük xidmətlərdəndir. Naşirdən

Ön söz

Ön söz Dahi Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusi haqqında çox yazılmış, çox fikirlər söylənilmişdir. Belə yazılar arasında bə`zən həqiqətdən bir az uzaq, bə`zən də müxtəlif səbəblərdən irəli gələn ixtilaflı nəzərlərə də rast gəlinir. Tusi şəxsiyyəti bə`zən ifrat dərəcədə şişirdilir, bə`zən də qərəzli yanaşma nəticəsində mənfi obraza çevrilir. Haqqında əfsanələr gəzən Tusinin şəxsiyyətinə bu münasibətin özü də keşməkeşli həyat yolu keçmiş, zəngin mədəni-elmi irs qoyub getmiş Tusi şəxsiyyətinin böyüklüyündən xəbər verir. Azərbaycan oxucularının və eləcə də əksər dünya xalqlarının daha çox «Əxlaqi Nasiri» əsərindən tanıdıqları Tusi haqqında doğma vətənimiz Azərbaycanda da − yetərincə olmasa belə kitablar yazılmış, dövri mətbuatda ara-sıra məqalələr dərc edilmişdir. Amma çoxsahəli yaradıcılığa və böyük şəxsiyyətə malik Tusinin ən incə ştrixlərinə qədər «portretini» cızmaq hələ ki, kimsəyə nəsib olmamışdır. Həqiqətən də bə`zi tədqiqatçıların dediyi kimi «Bu heyrətləndirici və bənzərsiz şəxsiyyət (Tusi) zaman və məkana sığacaq həddə deyil... O, bir şəxsdir ki, islamın bütün firqə və tayfaları onun əzəmət və böyüklüyünü təsdiq etmişlər.» Bu baxımdan Tusi haqqında deyilənləri təkrar etməyi lüzumsuz sayıb, ən`ənəni pozmamaq xatirinə qısa bioqrafik mə`lumat verməklə kifayətlənir, bir-iki maraqlı görünə biləcək məsələyə toxunmaqla daha çox Tusinin «Övsafül-Əşraf» əsəri haqqında danışacağıq. Nəsirəddin Tusi 1202-ci il fevral ayının 17 də (h.q. 597-ci il, cəmadiül-əvvəl) Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Adı və soyadı Məhəmməd bin Məhəmməd bin əl-Həsən ət-Tusi, kunyəsi «Əbu Cə`fər», ləqəbi isə «Nəsirəddin»dir. Fəqihlər onu «Mühəqqiq Tusi» və ya «Xacə Tusi», hükəma «Bəşərin ustadı» və «On birinci əql», filosoflar «Üçüncü müəllim» adlandırmışlar. Daha çox «Xacə Tusi» ləqəbi ilə məşhurlaşmışdır. Bir müddət (təqribən 22 il) Qohestan hakimi, İsmaililərin əmiri Nasirəddin Əbdürrəhim bin Əbu-Mənsurun qəzəbinə düçar olduğu üçün Ələmut qalasında ev dustağı şəraitində həbsdə olmuşdur. Təqribən 654 (h.q.) ildə Monqol hökmdarı Hülakunun İsmaililər üzərində qələbəsindən sonra Tusi azad olmuş, amma qəzəbli monqol hökmdarlarının dövlət sistemində mühüm mənsəblərə yiyələnməsi ilə həyatın daha ağır və qorxulu imtahanlarına tuş gəlmişdir. Bütün bunlara baxmayaraq Tusi, həyatın ağır sınaqlarından həmişə üzüağ çıxmışdır. Nəhayət 672-ci (h.q.) ildə yaxın şagirdləri ilə Bağdada səfər edən Tusi xəstələnib orada da vəfat edir və öz vəsiyyətinə görə Kazimeyndə iki imamın qəbirlərinin ayaq tərəfində torpağa tapşırılır. Xacənin əksər elmi əsərləri fəlsəfə, kəlam, nücum və riyaziyyat sahələrini əhatə edir. Əsərlərinin dəqiq sayı indiyə qədər müəyyənləşdirilməmişdir. Müxtəlif tədqiqatçıların əsərində Tusinin əsərlərinin sayı fərqli rəqəmlərlə göstərilir. Bə`ziləri bu rəqəmləri hətta 220 qədər yüksəldirlər. Bunlarla yanaşı Nəsirəddin Tusinin ən böyük elmi abidəsi sözsüz ki, banisi olduğu Marağa rəsədxanası olmuşdur. Bir filosof, fəqih, mütəkəllim, vəzir, siyasətçi, əxlaq ustadı, ədib, münəccim, riyaziyyatçı, şair və yazıçı kimi bənzərsiz şəxsiyyətə malik olan Xacə şəxsiyyətinin bə`zi cəhətləri təzadlı görünsə də, bu cəhətlərin hər birində kamillik həddi kəsb edilmişdir. Nəsirəddin Tusinin həyat və yaradıcılığında ilk baxışda ziddiyyətli görünən bir neçə yönlü baxışları tusişünaslar müxtəlif cür izah etməyə çalışmışlar. Bə`zi tədqiqatçıların e`tiqadına görə Xacənin şəxsiyyət və əqidəsi ətrafında müxtəlif rə`ylərin toqquşmasının əsas səbəbləri Tusinin ziddiyyətli ictimai-siyasi mühitdə yaşayıb-yaratması olmuşdur. Bu səbəblərin bir neçəsini aşağıdakı şəkildə göstərmək olar: 1. Tusinin, o dövrün hakim ictimai-dini baxışları ilə fərqlənən şiə məzhəbində olması;
Təbiidir ki, böyük şiə alimlərindən sayılan Tusinin o zaman onu əzmək istəyən çoxlu müxalifləri olmuşdur.
2. Tusinin bir filosof olması;
Fəlsəfənin əsas mehvər və açarı olan ağıl və məntiqi «korun əlində gəzdirdiyi əsa»-ya bənzədən bə`zi «müqəddəs» ünsürlər aydındır ki, İslam fəlsəfəsində «on birinci əql» ləqəbini qazanmış Tusiyə xoş üz göstərə bilməzdilər. 3. Zahirdə və zərurətdən irəli gələn səbəblər üzündən monqol hökmdarları ilə həmrə`y olması;
Bə`zi tarixçilər Tusini, monqol hökmdarı Hülakunun Abbasi xəlifəsini qətlə yetirməsinə təhrik etməsilə günahlandırırlar.
4. İctimai şəraitin amansız tələbləri nəticəsində İsmaililərin yanında sığınacaq tapması və İsmaili hökmdarlarının adına kitab yazması.
Böyük zəkaya və gələcəyi qabaqcadan görə bilmək qabiliyyətinə malik olan Tusi heç vaxt şəxsiyyətinin və elminin hansısa firqəyə və ya məktəbə mənsub dar çərçivədə məhdudlaşmasına imkan verməmişdir. Bildiyimiz kimi «Hikməti mütəaliyyə» fəlsəfi məktəbinin banisi olan Molla Sədraya qədər ilahi mə`rifətin dərkində müxtəlif üsullara söykənən üç böyük fikri cərəyan − kəlamçılar, filosoflar və irfan əhli arasında həmişə ixtilaf olmuşdur və indinin özündə də bə`zi hallarda özünü biruzə verir. Molla Sədra qismən də olsa bu ixtilafları həll etməyə çalışmışdır. Görünür Molla Sədradan çox-çox qabaq Tusi bu mübahisəli məsələləri özü üçün həll etmiş, həmişə bu ixtilafların fövqündə durmuşdur. Elə buna görədir ki, hər üç məktəbin nümayəndələri Tusini özlərinə mənsub etməyə çalışmışlar. Kəlam məktəbinin nümayəndələri Tusini böyük şiə mütəkəllimi hesab edib özlərinə mənsub bilmiş, fəlsəfi məktəbin nümayəndələri onu İbn Sinadan sonra «üçüncü müəllim» kimi özlərinə aid etmiş, irfan əhli isə Tusinin tam bir övliya olduğunu iddia etmişlər. Həqiqətən də Tusinin «Təcridül-e`tiqad» əsərinə nəzər salanda, onu şiə kəlamının ən mükəmməl kitablarından biri, bəlkə də birincisi olduğuna şübhə yeri qalmır. Təsadüfü deyil ki, indinin özündə də ilahiyyat bölmələrinin kəlam dərslərində, elmi-dini hövzələrdə şiə kəlamı olaraq əsas dərslik kimi Tusinin qabaqcıl şagirdlərindən olan Əllamə Hillinin «Təcridül-e`tiqad»a yazdığı «Kəşfül-murad» adlı şərhi tədris edilir. Bir filosof kimi Tusi islam aləmində yunan fəlsəfi məktəbinin iftixarı olan «birinci müəllim» ləqəbini qazanmış Aristotelin davamçısı, «ikinci müəllim» adına layiq görülmüş «Məşşa» fəlsəfi məktəbinin nümayəndəsi İbn Sinanın tələbəsi (silsilə şagird vasitəsilə) və «üçüncü müəllim» kimi yad edilir. Tusinin fəlsəfi əsərlərinin hətta adına diqqət yetirmək dediklərimizə kifayət edir.
Amma qəribə burasıdır ki, hətta Tusinin fəlsəfi baxışlarında fərqli mövqelərdən çıxış etdiyi iddia edilir. Tusi elmi irsinin varislərindən sayılan Əllamə Həsənzadə Amuli özünün «Min bir nöqtə» adlı əsərində belə yazır: «Ustad Əllamə Təbatəbai söyləyirdi: «Ustadım rəhmətlik Seyyid Hüseyn Badkubi deyirdi ki, Qütbiddin Şirazinin «İşraq fəlsəfəsi»nə yazdığı şərhi, Xacənin dərslərində qeydə aldığı yaddaşları əsasındadır. Qütbiddin Şirazi Xacənin dərsləri əsnasında, Xacənin Şeyx İşraqın bəyanları ətrafında ifadələrini və fikirlərini qeydə almışdır. Başqa bir vaxt deyirdi ki, Xacənin özü (əqidəsində, fəlsəfi baxışlarında) işraqyönlü idi.»
İrfani baxımdan Tusi həyatına və yaradıcılığına diqqət yetirəndə onun da öz sələfləri kimi ömrünün sonlarında irfana üz tutduğu zənn edilir. Orta əsrlərin əksər ədib və alimlərinə xass xüsusiyyətlərdən biri də ömürlərinin son illərini təsəvvüf və irfana bağlamalarıdır. Əlbəttə bu, sufilik və dərvişlik həyat tərzi olmayıb, sadəcə şəriət çərçivəsində yer verilən irfani süluka meyl göstərmək olmuşdur. Ümumiyyətlə orta əsrlər islam dünyasının əksər alim və mütəfəkkirləri bə`zən, məsləklərinin xilafına olsa belə, bu mövzuda qələmlərini sınamağa çalışmışlar. Görünür, Nəsirəddin Tusinin də həyat və yaradıcılığında irfani meyllərin gözə çarpması bu səbəbdən olmuşdur. Nəsirəddin Tusinin irfani baxışlarına aydınlıq gətirmək, həmçinin seyri-süluk əhlinin istilahlarını tanımaq baxımından «Övsafül-Əşraf» əsəri olduqca böyük əhəmiyyət kəsb edir. Mə`lum olduğu kimi Nəsirəddin Tusi bir sıra əsərlərini Ələmut qalasında İsmaililərin yanında olarkən yazmış və o əsərlərin bə`zilərini İsmaili əmirlərindən birinin adına ithaf etmişdir. Tusinin bu qəbildən olan əsərləri üslub və ruhuna görə İsmaili məzhəbi və fikri baxışlarına yaxınlıq təşkil edir. O cümlədən: 1. Əlaəddin Xurşah Məhəmməd bin Həsən (628-653 h.q.) və Qohestan əmiri Xacə Nasirəddin Əbul-Fəth Əbdürrəhim Əbu-Mənsurun adına yazdığı «Əxlaqi Nasiri» kitabı. 2. Batinilərin üslubunda yazdığı «Ağazü əncam» əsəri.
3. 644-654-cü illər arasında Tə`limilərin üslubunda yazdığı «Seyri-süluk» əsəri. Xacə bu əsərini ismaili əmirlərindən Qütbiddin Müzəffər bin Müəyyədə (Məhəmməd) verir ki, Ali Dərgaha çatdırsın. 4. Nasirəddin Möhtəşəmin göstərişi ilə tərcümə etdiyi «Zübdətül-Həqayeqi Eynül-Qüzat». Amma bu əsərin nüsxəsi indiyə qədər əldə edilməmişdir.
İlk baxışdan Tusinin «Övsafül-Əşraf» əsərini də məhz İsmaililərin qalasında olduğu zaman yazdığı güman edilir. Əsərin dəqiq yazılma tarixi olmasa da Tusinin bu risaləni «Əxlaqi Nasiri» kitabından sonra qələmə aldığı göstərilir. Bu barədə «Övsafül-Əşraf»-a yazdığı müqəddiməsində Tusi belə deyir: «...Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və “Əxlaqi Nasiri” adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki, təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək − bir risalə hazırlasın.» Ustad Müctəba Minəvinin sözlərinə görə «Əxlaqi Nasiri»-nin nüsxələrinin birində Tusinin bu kitabı (Əxlaqi Nasiri) 633 ildə başa çatdırdığı qeyd edilir. Bu sözlərə istinadən Tusinin «Əxlaqi-Nasiri» kitabını 36 yaşlarında yazması gərəkdir. Əlbəttə unutmaq olmaz ki, Tusi «Əxlaqi Nasiri» kitabını müxtəlif tarixlərdə − 1232-33, 1254-55, 1272-73-cü illərdə nəzərdən keçirməklə yenidən işləmişdir. Əgər ustad Minəvinin sözlərinə əsaslansaq, Tusinin «Övsafül-Əşraf»ı 37-40 yaşlarında yazmasını fərz etmək olar. Çünki Tusinin özü də bu risaləsini «Əxlaqi Nasiri»dən sonra yazdığını göstərmişdir. Onda belə çıxır ki, bu əsər də Tusinin İsmaililərin əsarətində olduğu zaman yazılmış olmalıdır. Çünki Tusinin 619-632-ci (h.q.) illər arasında İsmaililərin əlində giriftar olması göstərilir və bu əsarət 654-cü il (h.q.) Hülakunun İsmaililəri darmadağın etməsinə qədər davam edir. Başqa bir tərəfdən, «Övsafül-Əşraf»ın müqəddiməsindən göründüyü kimi Tusi bu risaləsini Hülakunun oğlu Abaqaxan tərəfindən vəzirliyə mənsub edilmiş Şəmsəddin Məhəmməd əl-Cüveyninin adına yazmışdır. Şəmsəddin Məhəmmədin 22 il vəzirlik məqamında olmasını nəzərə alsaq, böyük ehtimalla Tusi «Övsafül-Əşraf» əsərini onun vəzirliyinin ilk illərində yazmış olmalıdır. Bununla belə, «Övsafül-Əşraf» əsərinin birbaşa «Əxlaqi-Nasiri» kitabından sonra yazılması inandırıcı görünmür. Çünki «Əxlaqi-Nasiri»dən Məhəmməd Şəmsəddinin vəzirlik mənsəbinə yiyələnməsinə qədər uzun bir zaman fasiləsi durur. Böyük ehtimalla Tusi «Övsafül-Əşraf əsərini Əxlaqi-Nasiri kitabından sonra yazdım» dedikdə, «Əxlaqi-Nasiri»nin 1272-73-cü illərdə monqol hakimiyyəti dövründə üçüncü redaktəsini nəzərdə tutmuşdur. Üslub baxımından da «Övsafül-Əşraf» əsəri Tusinin İsmaililərin yanında eyni məzmunda yazdığı «Seyri-süluk» əsərindən gözə çarpacaq dərəcədə fərqlənir.
Tusi «Övsafül-Əşraf» əsərində seyri-süluk mərhələlərini olduqca yığcam və aydın şəkildə verməklə ilahi dərgahın şərafətli yolçularının xüsusiyyətlərini açıqlamağa çalışmışdır. Bu əsərində Tusi Allaha doğru hərəkətin başlanğıcını, hərəkəti əngəlləyən maneələrin aradan qaldırılmasını, salikin seyri-sülukunu, süluk əsnasında baş verən halları, sülukdan sonrakı halları və vüsal əhlinin hərəkətinin sonunu altı babda vermiş, altıncı babdan başqa yerdə qalan bütün babları beş fəsilə bölmüşdür. Altıncı babı isə bir fəsildə göstərmişdir. Çünki fəna bəhsinə aid olan sonuncu bab Xacənin dili ilə desək − «çoxalmır.» Tusi hər fəslin əvvəlində mövzuya münasib Qur`an ayələrindən misallar vermiş, əlavə olaraq, əksər yerlərdə yeri gəldikcə, hədis və rəvayətlərə istinad etmişdir. Hədislərə istinad edərkən Tusi bə`zi sufi məsləklərinə uyğun və zövqlərindən dolayı bəyəndikləri hədisləri deyil, daha çox sənəd baxımından mö`təbər hesab etdiyi hədisləri nəql etməyə sə`y göstərmişdir. Həmçinin sufilərin dilindən nəql olunan rəvayətlər sırasında da onların ən mö`tədil olanını seçməyə çalışmışdır. Əksər alimlərin islam dini çərçivəsində şəriətdən başlayan təriqəti qəbul etdikləri kimi, Tusi də «Övsafül-Əşraf» əsərində bu xətti tutduğunu açıq göstərir və təriqətin şəriətdən ayrılmaz olduğunu bildirir. Bu bağlılığı biz Tusinin risalənin bölmələrini nizamlamasından da görürük. Belə ki, Tusi seyri-sülukun başlanğıcı üçün salikə ilkin növbədə imanın, səbatın, niyyətin, sidqin, inabətin və ixlasın əldə edilməsini əsas şərt kimi göstərir, sonra bu yoldakı maneələrdən və seyri-sülukdan bəhs edir. Hərtərəfli bilik sahibi olan Tusi başqa əsərlərində olduğu kimi bu əsərində də hər məsələyə münasibət bildirərkən digər firqə və məktəblərin də nəzərini qarşıya qoyur, məsələyə dar çərçivədən yanaşmadığını nümayiş etdirir. Məzmununa görə irfani bir risalə olan «Övsafül-Əşraf» əsərinin bə`zi fəsillərində «Əxlaqi-Nasiri»də olduğu kimi hərdən Tusinin fəlsəfi fikirləri özünü biruzə verir. Buna görə də seyri-süluk babında Tusinin ifadələri bə`zən sufiyanə, bə`zən də fəlsəfi rəng alır. 12-13-cü əsrlər nəsr ədəbiyyatına görə sadə və rəvan dili olduğu hesab edilən «Övsafül-Əşraf» əsəri məfhum baxımından Tusinin digər əsərləri kimi olduqca ağır nəzərə çarpır. Bunun ümdə səbəblərindən biri də əsərdə müxtəlif elmi istilahların çoxluq təşkil etməsi və bə`zən də fikrin incə rəmzlərlə ifadə edilməsidir. Bununla yanaşı, qarşınızda olan bu əsər olduqca qiymətli, hər bir şəxsin öz elmi səviyyəsində faydalana biləcəyi, hər bir kəsin öz zərurəti qədər payını alacağı “açıq süfrədir”. Bu kitabın tədqiqatçı alimlər üçün mö`təbər mənbə, mə`nəviyyat yolunda addımlayanlar üçün gözəl dərslik, və proqram olacağına şübhə etmirik. Sonda dahi müəllifə Ulu Tanrıdan rəhmət diləyir, onun yüksək ruhunun xalqımıza duaçı olmasını arzulayır və kitabın mütərcimi gənc rəssam, ədəbiyyatçı və teoloq Füzuli müəllimə yaradıcılıq işlərində daha böyük uğurlar arzulayıram. AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun «İran tarixi və iqtisadiyyatı» şö`bəsinin əməkdaşı Şəfiyeva Əfşan.


Xacə Nəsirəddin Tusi

Xacə Nəsirəddin Tusinin “Şərafətli insanların xüsusiyyətləri” əsərinə yazdığı müqəddİmə
Nəhayətsiz şükür və həmd olsun o Allaha [ondan ötəri] ki, Onun həqiqətindən xəbərdar olmağa heç bir əqlin gücü yetməz, heç bir fikir və bilik Onun mə`rifətinin dərinliklərinə vara bilməz. Onun haqqında deyilən hər bir söz, Onun vəsfində dildə cari olan hər bir bəyan əgər sübuti olsa təsəvvürə gələn bənzətmə nöqsanı olmadan mümkün olmayacaqdır, əgər qeyri-sübuti olsa vəhmi idrakda (təvəhhöm) canlanması tə`til fitnəsindən amanda qalmayacaqdır. Buna görə də peyğəmbərlərin ağası, övliyaların müqtədası Xatəmül-Ənbiya Muhəmməd Mustafa dedi: “Sənə sitayiş etməyə qadir deyiləm. Sən həmin o Zatsan ki, Özün Özünü vəsf etdin. Sən, Sənin haqqında söz söyləyənlərin dediklərindən daha üstünsən.” Minlərcə salam və salavat, afərin və əhsən onun müqəddəs ruhuna, pak ruhlara, onun sülaləsinə, xüsusilə də mə`sum imamlara və seçilmiş silahdaşlarına olsun, Allah həqqinə! Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və “Əxlaqi Nasiri” adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki, təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək − bir risalə hazırlasın. [Amma] işlərin çoxluğundan, bə`zi maniələr üzündən həmin mühüm işlə məşğul olmaq heç cür müyəssər olmurdu, fikirdə olanları həyata keçirməyə imkan tapılmırdı. Nəhayət Yer üzünün padşahı, aləmin buyruqçusu, qılıncın və qələmin valisi, ərəbin və əcəmin böyüklərinin müqtədası, haqqın və dinin günəşi, islamın və müsəlmanların şökəti, aləmlərin məliki, məmləkətlərin divanının sahibi, əşraf və ə`yanın iftixarı, ədl və ehsanın məzhəri, cahanın əfzəl və əkməli, İranın pənah və ümid qapısı, övliyaların sevimlisi, xoşbəxtlik sahibi Muhəmməd bin Əl-Cuveyninin kəsərli işarəsi həmin fikrin həyata keçməsinə səbəb oldu. Belə ki, fürsət əl verdi, vaxt və hal da yerinə düşmüş oldu; maneələrin olmasına və işlərin çoxluğuna baxmayaraq, o şey ki, könül onun bəyan edilməsində köməkçi olmuşdu, həmin maneələrin qələmə alınmasında güzəştə getdi. O böyük zatın əmrinə baş əyərək və fərmanına itaət edərək həmin həqiqətlərin şərhindən və fikirlərin zikrindən ibarət neçə bab bu müxtəsər risalədə qələmə aldı. Hər babda Qur`ani Məciddən − [necə ki, bu ayədə buyurmuşdur:] “Heç bir batil nə qabaqdan, nə də arxadan onun sorağına gəlməz” − dediklərimizə şəhadət verəcək misallar çəkildi. Əgər məqsədə uyğun açıq-aşkar misallar tapılmadısa, ona yaxın olanlarla kifayətləndi və onu “Övsaful-Əşraf” adlandırdı. Əgər [bu risalə onun] şərəfli nəzərində bəyənilərsə, [deməli] məqsəd yerinə yetirilmişdir, əks təqdirdə qabaqcadan üzürxahlıq edir, [və ümid edirik ki] Onun şərif zatının bəyənilmiş əxlaq və gözəl xüsusiyyətləri yol verilmiş nöqsanları öz məğfirət pərdəsi ilə örtsün. Allah-taala onu məcazi aləmdə məxsus padşahlıq dərəcəsinə çatdırdığı kimi, həqiqi aləmdə də ilahi rəf`ətə və əbədi dövlətə çatdırsın. Allah lətif və duaları qəbul edəndir.


MÖVZUYA GİRİŞ

MÖVZUYA GİRİŞ Bu risalənin şamil olacağı bəhslərin zikri
Şəksiz hər kəs özünə və əməllərinə nəzər salsa özünü başqasına möhtac görəcəkdir və hər kəs başqasına möhtac olsa zatən naqisdir. Elə ki, insan öz naqisliyindən agah oldu, daxilində kamala varmağa doğru bir şövq oyanacaqdır və beləliklə kamala doğru hərəkətə ehtiyac hiss edəcəkdir. Təriqət əhli bu hərəkəti süluk adlandırır. Bu hərəkətə rəğbət göstərən kəsin altı məsələyə diqqət yetirməsi lazımdır: 1. Hərəkətin hidayəti (başlanğıcı) və bu səfər üçün lazım olan azuqə, yol tədarükü. (Yə`ni bu hərəkətə, yola qədəm qoyan ilk qədəmi haradan götürəcəyini, ilkin hazırlığı bilməlidir.)
2. Onu hərəkətdən və sülukdan saxlayacaq, [seyri-süluk yolunda] maneələrin aradan qaldırılması.
3. İnsanı ilk qədəmdən son məqsədə aparan hərəkət ki, [bu hərəkət] seyri-süluk olar və bu hərəkət zamanı salikin qarşılaşacağı hallar.
4. Seyri-süluk əsnasında, yolun əvvəlindən son məqsədə doğru olan hərəkət zamanı salikin qarşılaşacağı hallar.
5. Sülukdan sonra vüsal əhlinə, (məqsədə çatanlara) baş verəcək hallar.
6. Hərəkətin sonu ki, bu yerdə ona “tövhiddə fəna” deyərlər.
Altıncı bəndi çıxmaqla yerdə qalan bəndlərin hər biri başqa neçə məsələyə şamil olar ki, onları altı babda və hər babı altı fəsildə verəcəyik. Və amma axırıncı (6-cı) bab bölünmədiyi üçün bu bölgüdən istisnadır, [çünki] hərəkətdə olduğu kimi bilməliyik ki, keçmiş hərəkətin hər bölməsinin hasil olması, ondan öncə mövcud olmuş başqa bölümə dayanır və [həmçinin] özündən sonra gələcək başqa bir bölümdən öndə dayanır və amma axırıncı bölüm yolun sonu olduğu üçün və ondan sonra heç bir bölüm olmadığı üçün heç bir məsələyə şamil olmayacaqdır. Və amma səfər əsnasında salikin düşdüyü hər bir hal öncəki və sonrakı halət arasında bir vasitə olub, əgər öncəki hala nisbətdə müqayisə olunsa kamal və bəyənilmiş, əgər sonrakı halət ilə müqayisə olunsa nöqsan və bəyənilməz olacaqdır. Ona görə də Peyğəmbəri-əkrəm (s) buyurub: “İki günü bərabər (oxşar) olan adam zərər etmişdir.”
Və buna görə də atalar demişlər: “Yaxşıların bəyənilən işləri müqərrəblərin pis işləri yerində hesab olunar.” İnşəallah bütün bu mətləblər bu risalənin fəsillərində aydınlaşacaqdır. İndi ki, bu müqəddimə aydın oldu, Allahın köməkliyi ilə bu risalənin bablarının və fəsillərinin bəyanına keçirik.

BİRİNCİ BAB

BİRİNCİ BAB Hərəkətin başlanğıcı və bu səfər (hərəkətin müyəssər olması) üçün lazım olan azuqə, yol tədarükü. Bu altı şeyə şamil olur və biz onun hər birini ayrıca fəsillərdə aşağıdakı şəkildə göstəririk: – Birinci fəsil: İman
– İkinci fəsil: Səbat
– Üçüncü fəsil: Niyyət
– Dördüncü fəsil: Sidq
– Beşinci fəsil: İnabətv – Altıncı fəsil: İxlasv

Birinci fəsil

Birinci fəsil

İman

İman Allah-taala buyurur: “İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” İman [kəlməsi] lüğətdə təsdiq mə`nasındadır, yə`ni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur. Peyğəmbərin (s) mə`rifəti Qadir, Alim, Səmi`, Bəsir [olan] Allahın mə`rifətindən ayrı olmaz. O Allahın ki, peyğəmbərləri göndərmiş, Qur`anı Məhəmməd Mustafaya (s) nazil etmiş və İslam ümmətinin yekdil nəzərlə qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi bəyan etmişdir. Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, çünki ondan azı iman sayılmaz və ondan çoxu imanın özü yox, kamalı olar.
İmanın nişanələri: İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz “saleh əməl” adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir. Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: “Yalnız iman gətirib yaxşı əməllər edən...(ziyanda olmayacaq)” İmanın mərtəbələri: Bilməliyik ki, imanın bir neçə mərtəbəsi var. Onun ən aşağı mərtəbəsi dildə olan imandır ki, Allah-taala bu barədə buyurur: “Ey mö`minlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi kitaba (Qur`ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” Və həmçinin buyurulan bu ayə: “Qənimət əldə etmək iştahası ilə islama daxil olan bədəvi ərəblər “biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...” – həmin mətləbə işarədir. Bundan yuxarı mərtəbə təqlidi imandır. Yə`ni mö`min iman etməli olacağı şeyə qəti iman edir, amma onun imanının zavala uğramaq imkanı var. Əlbəttə, əgər qəti iman hasil olarsa, onun ardınca saleh əməl də gələcəkdir ki, Allah-taala buyurur: “Mö`minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!...” Bundan daha yaxşısı qeybə olan imandır ki, Allah-taala onun barəsində buyurur: “O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır...” Bu cür iman bir növ batini bəsirətlə yanaşı olur və imanda möhkəm olmağı tələb edir. Sanki mö`min qeyb pərdəsi arxasından aləmi müşahidə edir. Bu mərtəbədən də yuxarı o kəslərin imanıdır ki, Allah-taala onlar haqqında buyurmuşdur: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar...” – O yerə qədər ki, buyurur: “Onlar həqiqətən də iman əhlidirlər.” Bu, kamalla olan imanın mərtəbəsidir. Bu iman yəqinlə yanaşı olur və imanın ən ali mərtəbəsi hesab olunur. Bunun şərhini sonra verəcəyik.
Seyri-süluk yolunda qeybə olan imandan aşağı mərtəbənin, ən azı təqlidlə olan imandan aşağısının faydası yoxdur. Çünki, həqiqətən də dildə olan iman bir iman deyil. Allahın buyurduğu bu ayə də ona işarədir: “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.” İnsanın seyri-süluku başa vurması üçün hökmən ali iman mərtəbəsinə yiyələnməsi lazımdır. Əgər mütləq kamil vücuda, yə`ni Yaradana qəti imanı olsa, bu e`tiqadın nəticəsində ruhu bir yerdə qərar tutacaq və seyri-süluk onun üçün mümkün olacaqdır və asanlıqla hədəfinə çatacaqdır.

İkinci fəsil

İkinci fəsil

Səbat

Səbat Allah-taala səbat barəsində buyurur: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlimeyi-şəhadətlə) sabitqədəm edər..”
Səbat bir halətdir ki, imanla yanaşı olmayınca insanda ruhi rahatlıq, arxayınlıq yaranmaz və nəticədə, kamalın tələbi də ondan asılı olduğu üçün müyəssər olmaz. Çünki e`tiqadında süst olan hər kəs kamal tələb edə bilməz. İmanın səbatı kamil və kamalın var olduğuna qət`i imanın əldə edilməsindən ibarətdir. Nə qədər ki, bu qət`iyyət əldə edilməyib kamalın tələbi də olmayacaqdır və nə qədər ki, kamalın tələbi və bu yolda səbatın əldə edilməsi qərarına gəlinməyib, seyri-süluk mümkün olmayacaqdır və bir kəs əzm göstərib qərara gəlsə amma səbatı olmasa “Yer üzündə şeytanların azdırıb atdığı və çaşqın dolaşan adam kimi” olar. Bəlkə, belə də deyə bilərik ki, çaşqın və sərgərdan qalmış adamın qərarı da olmaz və necə ki, müəyyən bir səmtə yönəlməyibdir, onun hərəkəti və seyri-süluku da baş tutmayacaqdır və əgər hərəkəti də olsa faydasız və səmərəsiz olacaqdır. Və amma, bir adamın səbatının səbəbi öz əqidəsinin haqq olduğuna olan batini bəsirəti, kamala qovuşmasından aldığı ləzzət və həmin batini halətin zavala uğramayacaq şəkildə mələkəyə çevrilməsi olar. Bu səbəblə də sabitqədəm insanlar həmişə saleh əməllər görərlər.

Üçüncü fəsil

Üçüncü fəsil

Niyyət

Niyyət Allah-taala niyyət barəsində buyurur: “De ki, Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”
Niyyət qəsd mənasındadır və qəsd elm və əməl arasında vasitədir, çünki bir kəs nə etməli olduğunu bilməsə, həmin işi görməyə qəsd etmir və nə qədər ki, qəsd etməyib həmin işi görməyəcəkdir. Seyri-sülukun başlanğıcı qəsddir. Bunun üçün də salik müəyyən məqsədi nəzərdə tutmalıdır və məqsəd mütləq kamildən kamalın əldə edilməsi olduğu üçün, niyyət Haqq Taalaya yaxınlaşmaq olmalıdır, çünki mütləq kamil yalnız Odur. Əgər belə olsa əməlsiz niyyət, niyyətsiz əməldən daha yaxşı olacaqdır, necə ki, Peyğəmbər (s) buyurur: “Mö`min insanın niyyəti əməlindən daha yaxşıdır.”
Çünki niyyət ruhun yerindədir, əməl isə bədənin; yenə də Həzrət buyurur: “Əməllər niyyətdən asılıdır ”, yə`ni bədənin həyatı ruhdan asılıdır.
Və yenə də buyurubdur: “Hər kim, hər işdə hansı niyyəti etmiş olsa, ona da çatacaqdır. Hər kəs Allaha və Peyğəmbərinə doğru hicrət etsə, hicrəti Allaha və Peyğəmbərinə doğru olacaqdır. Hər kəs dünya malına sahib çıxmaq və ya bir qadınla evlənmək üçün dünyaya tərəf hicrət etsə, onun hicrəti həmin səmtə də olacaqdır.” Və amma, qürbət qəsdi isə görülən xeyir bir iş hər zaman kamalın əldə edilməsini tələb edər. Necə ki, Allah-taala buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə (axirətdə) böyük mükafat verəcəyik!”

Dördüncü fəsil

Dördüncü fəsil

Sidq

Sidq Allah-taala sidq barədə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) sadiq olanlardan olun” (Peyğəmbər və onun səhabələri ilə birlikdə olun!) Sidqin lüğətdəki mə`nası doğru danışmaq və əhdə vəfa anlamındadır. Amma burada murad həm danışıqda, həm niyyətdə, həm qərara gəlməkdə, həm verdiyi əhd-peymana vəfa etməkdə – ümumiyyətlə həyatda qarşılaşdığı bütün hallarda doğru-düzgün olmaq mə`nasındadır. Siddiq o kəsdir ki, sadaladığmız bütün hallarda sidq onun məsləkinə, adətinə çevrilmiş olsun; belə ki, heç bir yerdə xilaf işin eyni və əsəri onda müşahidə edilməsin. Aqillər və alimlər demişlər: “Əgər bir kəs belə olsa, onun yuxusu da doğru olacaqdır” və göstərilən bu ayə də onların şə`nində nazil olmuşdur: “Mö`minlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar...” Siddiqləri peyğəmbərlər və şəhidlərlə bir sırada tutmuşlar. Allah-taala buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne`mətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), e`tiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar.” İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişlər: “Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.”
Həmçinin bə`zi peyğəmbərlər haqqında da buyurmuşdur: “Biz onlara doğru danışan və yüksək dərəcəli dil qərar verdik.” Düzgünlük və sədaqət məqsədə çatmaq üçün ən yaxşı yol olduğu üçün, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır, inşaallah.

Beşinci fəsil

Beşinci fəsil

İnabət (tövbə)

İnabət (tövbə) Allah-taala inabət haqqında buyurur: “Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.” “Tövbə” Allaha üz tutmaq, Ona doğru qayıdış mə`nasındadır. Tövbə üç cür olur:
1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: “Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı.” 2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən Allahı zikr etməklə, Onun ne`mətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: “(Bu ne`mətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər.” 3. Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur, məsələn, vacib və müstəhəbbi namazlar, müqəddəs ziyarətgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləri Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu barədə buyurur: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): “Bu, və`d olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür!” Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö`minlərin təsəvvür edə bilmədikləri ne`mətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!”

Altıncı fəsil

Altıncı fəsil

İxlas

İxlas Allah-taala ixlas barəsində buyurur: ”Halbuki onlara əmr edilmişdi Allaha – dinlərini xalis edərək, (yalnız Allaha məxsus edərək) digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər...! Fars dilində “ixlas” məxsus qılmaq mənasındadır, yə`ni bir şeyi yanaşı olduğu və ya qarışdığı başqa bir şeydən paklamaq, ayırmaq. Amma burada ixlas o deməkdir ki, insanın dediyi, gördüyü hər bir iş Allah dərgahına qürbət qəsdilə, xas və xalis [şəkildə] Allah üçün olsun, belə ki, hər cür dünya və axirət qərəzindən pak olsun. Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”
İxlasın ziddi odur ki, ona başqa bir qərəz qarışsın, məsələn vəzifə, mal-dövlət istəyi, şöhrət arzusu və ya axirət savabı tamahı, və ya cəhənnəm əzabından qurtulmaq istəyi. Bunlar hamısı şirkdir. Şirkin özü iki növdür: aşkar və gizli. Aşkar şirk bütpərəstlikdir, yerdə qalan hamısı gizli şirkdir. Peyğəmbəri-əkrəm (s) buyurur: “Mənim ümmətim arasında şirkin niyyəti, zülmət gecədə qara daşın üstündə gəzən qara qarışqanın hərəkətindən gizlidir.” Seyri-süluk yolunda kamal sorağında olan üçün şirk ən pis maneədir. “Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”
Elə ki, gizli şirk aradan qalxdı, süluk və ona nail olmaq asan olacaqdır. Hədislərin birində deyilir ki, “Kim qırx gün işlərini və ibadətini Allah üçün ixlasla yerinə yetirsə, hikmət bulağı qəlbindən qaynayıb dilinə cari olar.”